Qazanc və iş mənfəəti
31, Baku, Azerbaycan

Məsələ 1475: Əgər insan əkinçilik, sənət, ticarət, fəhləlik, müxtəlif idarələrdə işləməklə və s. qazanc əldə etsə, bu halda özünün, ailəsinin və öhdəsində olduğu şəxslərin illik xərclərindən artıq qaldığı halda, onun xümsünü (beşdən birini) sonradan deyiləcək göstərişlərə əsasən, ödəməlidir.

Məsələ 1476: Qazanc və qazanc növlərində heç bir fərq yoxdur. Lakin, insan başqasından borc ünvanı ilə bir şey alsa, xümsü yoxdur. Həmçinin, irs adı ilə ona çatan malların xümsü yoxdur. Amma, əgər meyyitin öz malının xümsünü vermədiyini və yaxud başqa mallarına görə xümsə borclu olduğunu bilsə, istisnadır.
Məsələ 1477: Əgər bir şəxs ona bir şey bağışlasa və illik xərcindən artıq qalsa vacib ehtiyata görə, onun xümsünü ödəməlidir. Habelə, uzaq qohumundan ona irs çatsa və onun belə bir qohumun olmasından xəbəri olmayıbsa və ona belə bir yerdən irs çatacağına güman etməyibsə, vacib ehtiyata görə, onun xümsünü ödəməlidir.
Məsələ 1478: Əgər bir şəxs hər hansı bir mülkü müəyyən şəxslərə, məsələn, öz övladlarına vəqf etsə və o mülkdən müəyyən gəlir əldə olunsa və onların illik xərclərindən artıq olsa, onun xümsü verilməlidir.
Məsələ 1479: Müstəhəqq şəxslərin xüms və yaxud zəkat ünvanı ilə aldığı şeylərin, illik xərclərindən çox olsa belə, xümsü yoxdur. Lakin, əgər ona bu vasitə ilə verilən maldan müəyyən mənfəət əldə etsə, məsələn, ona xüms kimi verilən ağacdan meyvə əldə etsə, illik xərclərindən artıq qalan hissənin xümsünü verməlidir.
Məsələ 1480: Əgər xümsü verilməmiş pulun özü ilə bir mal alsalar, müamilə xüms miqdarına nisbətdə batildir. Lakin, şəriət hakimi icazə versə, istisnadır. Bu halda, aldığı şeyin beşdə birini şəriət hakiminə verməlidir.
Məsələ 1481: Əgər bir malı öz öhdəliyi ilə alıb, müamilədən sonra onun haqqını xümsünü vermədiyi pulla ödəsə, müamiləsi düzgündür və onu işlətməsi caizdir. Lakin, xümsü verilməyən pulu satıcıya verdiyi üçün , o pulun xümsü qədər ona borclu sayılır. Satıcıya verilən pul yanında qaldığı halda şəriət hakimi onu alacaq. (Pul) xərcləndiyi halda şəriət hakimi onun əvəzini alıcıdan və yaxud da satıcıdan tələb edəcəkdir.
Məsələ 1482: Xümsü verilməyən malı alan şəxsin alveri xümsə nisbətdə batildir. Lakin, şəriət hakiminin icazəsi ilə belə bir alver baş tuta bilər. Belə olan halda gərək alverin xümsünün pulu ona verilsin. Əgər (bu pulu) satıcıya veribsə, ondan alınıb şəriət hakiminə verilməlidir.
Məsələ 1483: Əgər xümsünü vermədiyi bir şeyi başqasına bağışlasa, bu malın xümsü qədəri onun mülkü sayılmır.
Məsələ 1484: Əgər insana kafirdən, yaxud xüms verməyə e’tiqadı olmayan bir şəxsdən müəyyən qədər mal ticarət və yaxud başqa bir yolla yetişsə, onun xümsünü vermək vacib deyil. Lakin, əgər xümsün verilməsinə e’tiqadı olduğu halda xümsünu ödəməyibsə, onun xümsünu ödəmək vacibdir.
Məsələ 1485: Əgər ümumi şəkildə bir şəxsin xümsə e’tiqadlı olduğunu, lakin, xümsünü vermədiyini bilir, amma, bizə verdiyi mala xüms düşüb-düşmədiyini bilmiriksə, məsələn, ehtimal üzündən, bir mal irs vasitəsi ilə ona çatıb və yaxud borc alıb və bu malın da ondan olduğuna ehtimal etdiyimiz halda, bu malda təsərrüf etməyin eybi yoxdur və onun xümsü lazım deyil. Habelə, belə şəxslərin də’vətini qəbul etmək və yaxud evlərində namaz qılmaq caizdir. Lakin, hazırladığı yeməyin və ya tikdirdiyi evin xümsü verilməyən pulla olduğunu bilsək, (orada yemək yeyib namaz qılmaq caiz deyil).
Məsələ 1486: Hər bir şəxsin xüms ilini hesablamaq başlanğıcı əldə etdiyi ilk qazancdır. Yəni əgər bir şəxs ticarətə, qazanca, sənətə, əkinçiliyə və s. başlasa və əldə etdiyi ilk qazanc günü onun xüms ilidir. Bu vaxtı heç bir məqsəd və niyyətlə nə qabağa və nə də arxaya çəkə bilməz. İlin əvvəlini qabağa çəkmək istəyən şəxs üçün çıxış yolu öz illik hesabını müəyyən edilmiş gündən tez çatdıraraq, xümsünü ödəməsidir. Həmin vaxt onun xüms ili sayılacaq.
Məsələ 1487: İnsan ilin ortasında əlinə çatan hər bir mənfəətin xumsunu verə bilər. Lakin, onun ilin sonuna qədər saxlayıb, ehtimal verdiyi xərclərini ondan götürə bilər.
Məsələ 1488: Xümsü vermək üçün həm qəməri və həm də şəmsi ilini me’yar götürə bilər.
Məsələ 1489: Artıq gəliri olmayan şəxsin xüms ili tə’yin etməsinə ehtiyac yoxdur.
Məsələ 1490: Xüms ili olan şəxs ilin ortasında ölsə ilin sonuna qədər onun xərclərini gəlirlərindən azladıb, qalan hissəsinin xümsünü ödəməlidirlər.
Məsələ 1491: Əgər ticarət üçün aldığı malın qiyməti bahalaşsa, ticarət və alver məsləhətlərinə əsasən, malı satmayıb il ərzində onun qiyməti aşağı düşsə, bahalanan miqdarın xümsü ona vacib deyil. Lakin, malın qiyməti ilin sonuna qədər yuxarı olduğu halda il tamam olanda onun xümsünü ödəməlidir. Hətta, il tamam olduqdan sonra malın qiyməti aşağı düşsə belə. Bu, bir haldadır ki, ilin sonu malın satılma vaxtı olduğu halda öz istəyi ilə onu satmasın.
Məsələ 1492: Əgər ticarət malından başqa xümsünü vermiş olduğu və ya ümumiyyətlə xümsü olmayan (irs kimi) malı olsa və onu qiyməti bahalanandan sonra satsa, bahalaşan miqdarın xümsünü verməlidir. Həmçinin, xümsünü verdiyi qoyun kökəlsə, onu satan zaman artan çəkinin xümsünü verməlidir.
Məsələ 1493: Əgər qiyməti bahalanandan sonra satmaq məqsədi ilə bağ salsa, onun satış vaxtı yetişdikdə xümsünü ödəməlidir. Amma məqsədi meyvəsindən istifadə etmək olsa, meyvələrin xümsünü verməlidir. Bağın xümsünü isə satan vaxt verəcək.
Məsələ 1494: Materialından istifadə etmək üçün böyüdülən ağacların taxtalarının satış vaxtı yetişdikdə onun xümsünü verməlidirlər; hətta, onu satmaq istəməsələr belə. Lakin, onların satış vaxtı çatmayıbsa, neçə il ötməsinə baxmayaraq, xümsü yoxdur.
Məsələ 1495: Bir neçə iş və qazanc yeri olan şəxs, məsələn, həm əkinçilik edir, həm peşə sahibidir və həm də fəhləlik qazancı varsa, ilin sonunda bütün qazanclarını birgə hesablamalı və xərclərinin qalan hissəsinin xümsünü ödəməlidir.
Məsələ 1496: Fayda əldə etmək üçün etdiyi xərclər, məsələn, dəllallıq, yükdaşıma və s. illik xərclərindən hesab olunur.
Məsələ 1497: Məişət xərclərinin xümsü yoxdur. Yəni, insanın il boyu yemək, geyim, mənzil, ev avadanlıqları, izdivac, qızın cehizliyi, vacib və müstəhəb ziyarətlər, hədiyyə, ziyafət və bu kimi şeylər üçün ifrat etmədən xərclədiyi qazancın xümsü yoxdur. Lakin, ilin sonuna qalan artıq qazancın xümsü var. İlin xərcinə çevrilən şeylərin, məsələn, ev, xalça, ayrı avadanlıqların xümsü yoxdur. Əgər sonradan onu satsalar onun qiymətinə xüms düşməz. Xüsusi ilə əgər onu onun kimi bir şeylə əvəz etmək istəsələr.
Məsələ 1498: İnsanın nəzir, kəffarə və s. şeylərə xərclədiyi mal illik xərclərindən hesab olunur. Habelə bağışladığı, hədiyyə verdiyi mallar ifrat həddində olmadığı halda illik xərclərindən hesab olunur.
Məsələ 1499: Mülki evə ehtiyacı olan şəxsin ev alması üçün xərclədiyi pulun xümsü yoxdur. Lakin, illik gəliri ev alması üçün kafi olmadıqda və bu imkana çatmaqdan ötrü bir neçə il pul yığsa, bir il keçəndən sonra bu pulların xümsü verilməlidir. Amma, misal üçün, ilin əvvəlində ev üçün torpaq, sonrakı ildə evin avadanlıqlarını və üçüncü ildə evin tikinti xərclərini ödədiyi halda heç birinin xümsü yoxdur.

1 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor